» » » qiz qalasi haqqinda melumat

qiz qalasi haqqinda melumat

by Celal Mir / 09 mart 2013 01:42 / Baxış: 2333

qiz qalasi haqqinda melumat

Qız qalası - Bakının, eləcə də Abşeronun ən möhtəşəm və sirli memarlıq abidəsidir. 
Qala qədim İçərişəhərin cənub-şərq hissəsində, dənizkənarı parkın (bulvar) yaxınlığında yerləşən tarixi abidədir. Uca qülləşəkilli bu nadir abidənin açılmamış tarixi-memarlıq sirləri çoxdur.

Hündürlüyü 28 m, diametri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yonma daşlarla tikilmiş, günbəz formalı tavanla örtülmüşdür. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə YUNESKO-nun (UNESCO) Ümumdünya irsi siyahısına salınmışdır.

Qalanın adının etimologiyası ilə bağlı müxtəlif fikirlər olsa da, onlardan ən çox üstündə dayanılanı qalanın qızla bağlı əfsanəyə (bəzi müəlliflərə görə Bakı xanının qızı) əsasən Qız qalası adlandırılmasıdır. Əfsanəyə görə qardaşı (bəzi mənbələrdə hökmdar atası) tərəfindən qalada saxlanan qız bu əzaba dözməyərək özünü qalanın başından ataraq Xəzər dənizinin sularına qərq etmişdir. Qalanın adının digər yozumunna görə isə heç vaxt düşmənlər tərəfindən fəth edilmədiyindən qala xalq arasında bakirəlik rəmzi kimi Qız qalası adlandırılmışdır. Digər versiyaya görə isə qala əvvəllər "Göz qalası” adlandırılmış, zaman keçdikcə isə bu ad xalq deyimində dəyişərək "Qız qalası” şəklini almışdır.

Tikilmə vaxtı ətrafında mübahisələrin heyrətləndirici böyük zaman intervalı çərçivəsində aparılması baxımından memarlıq tarixində Qız qalası ilə müqayisə edilə biləcək abidə yoxdur. Belə ki, abidənin yaşının Şumer dövründən başladığını iddia edən mütəxəssislər də var, XII əsrdə tikildiyini sübut etməyə çalışanlar da. Burda zaman fərqi, tikilmə tarixi bilinməyən başqa abidələrdə olduğu kimi, bir neçə il deyil, hətta bir neçə əsr də deyil, 3000 ildən artıqdır. Qala divarları üzərindəki bir kitabədə ərəb dilində bu sözlər yazılmışdır: "Davudun oğlu Məsudun qülləsi”.

Bəzi tədqiqatçılar bu şəxsin Qız qalasını tikdirən feodal hakim olduğunu ehtimal edirlər. Lakin bu cür lokanik məzmunlu kitabələrdə, adətən, memarların adının qeyd edildiyi nəzərə alınsa, Davudun oğlu Məsudun Qız qalasını inşa edən memar olduğunu söyləmək mümkündür. Kitabənin yazı üslubu və xətti XII əsr yazısına yaxın olduğuna görə Qız qalasının məhz bu dövrdə tikildiyi ehtimal edilir. Digər tərəfdən bir çox alimlərin fikrinə görə Kufi yazılarından X-XII əsrlərdə istifadə olunduğu üçün Qala (üst qatı) həmin əsrlərdə inşa olunub. Lakin, bəzi alimlər bu fikirlərin səhv olduğunu iddia edirlər.

Qız qalasının ilkin olaraq hansı məqsədlərlə inşa edilməsi məsələsi müəyyən edilməsə də, abidənin Bakının müdafiə sisteminə daxil olduğu və Şirvanşahların ən möhkəm qalalarından olan Bakı qalasının baş qülləsi rolunu oynadığı mütəxəssislər tərəfindən qəbul edilmişdir. Qız qalasının tikilmə tarixi kimi funksiyası barədə də irəli sürülən mülahizələrin bir çoxu inandırıcı arqumentlərə söykəndiyi halda, fərziyyə və uydurmadan irəli getməyəni də var.

Qız qalasının zikkuratın Abşeron variantı, atəşpərəstlik məbədi, sükut qülləsi, göz qülləsi, rəsədxana, passiv müdafiə tikilisi və s. olması haqqında ziddiyyətli fikirlər irəli sürülmüşdür. Abidənin quruluşuna əsaslanaraq onun tarixini qədim dövrlərə çəkib aparan tədqiqatçılar qalanın Zərdüşt dövrü - Zərdüşt daxması, atəşpərəstlik məbədi, Mitra və Anahita ilahələri ilə əlaqədar tikili olduğunu söyləyirlər. Bu tədqiqatçıların ehtimalına görə atəşgah məbədi olan Qız qalası e.ə. VIII-VII əsrlərdə Kaspiana və Midiyanın bürclü məbədlərinin təsiri ilə Xəzər dənizi sahilində, təbii yanan atəşlərin arasında məhz qədim od şəhəri "Atəşi Baquan”da tikilə bilərdi. Bir çox alimlərin fikirlərinə görə, Qız qalasının Çıraqqala müdafiə qalasına bənzərliyini əsas götürüb onun Gilgilçay müdafiə sisteminə aid olduğunu da söyləmək olar. Qız qalasının Şimal-Şərqi Albaniyanın müdafiə qalalarındakı memarlıq elementləri ilə oxşarlığını qeyd edərək onu eramızın V-VI əsrlərinə aid edən mütəxəssislər də vardır.

Tarixdən məlumdur ki, Qafqaz Albaniyasının cənub şəhərlərindən sayılan Bakı Sasanilərin təsiri altında idi. Ehtimal etmək olar ki, Qız qalası Sasani imperiyasının şimaldakı mərzbanlığında, məhz Albaniya ərazisində tikdirdikləri müdafiə sisteminə daxil idi. Qız qalasının Abşerondakı müdafiə tipli möhtəşəm qalalara (Mərdəkan, Ramana, Şüvəlan, Nardaran qalaları) bənzərliyini də qeyd etmək olar. Ucalığı və xarici görkəmi ilə Abşeronun, eləcə də bütün Azərbaycanın müdafiə qüllələri içərisində tayı olmayan Qız qalası, daha çox planının bənzərsiz biçimi ilə diqqəti cəlb edir.

Bu bənzərsizliyi dairəvi qülləyə bitişik çıxıntı əmələ gətirmişdir. Tədqiqatçılar çıxıntını gah kontrfors - dayaq divarı, gah dalğaqıran, gah da gizli xəzinə yeri saymışlar. Qız qalası nəhəng qaya üzərində tikilmişdir. Qüllənin çıxıntısı bir az alçaqdır. Çıxıntının uca və qalın daş kütləsi qüllənin çevrəsinə toxunandır. Sanki çıxıntı burularaq qüllə silindrinə çevrilir. Kənardan və yuxarıdan baxdıqda isə bina "9” şəklli effekt verir.

Qız qalasının görkəmində dinclik və gərginlik üzvi şəkildə birləşərək yenilməzlik, alınmazlıq rəmzi yaratmışdır. Qız qalası dahi sənətkar bacarığının güclü bədiilik dərəcəsinə yüksəltdiyi, əzəmət simvoluna çevirdiyi sadəlik nümunəsidir. Qalanın cənub və cənub-şərq tərəflərini, xüsusilə dənizi nəzarət altında saxlamaq üçün mazğallar düzəldilmişdir. Bunlar qalanın içərisinə təmiz hava daxil olmaq işinə də xidmət etmişdir. 1962-1963-cü illərdə qalanın birinci mərtəbəsinin döşəməsində arxeoloji qazıntı işləri aparılmışdır. 5 m dərinliyə qədər davam etdirilən həmin qazıntı nəticəsində məlum olmuşdur ki, abidənin bünövrəsi dəniz tərəfə enişli olan nəhəng bir qayanın üzərində tikilmişdir. Buradan belə bir nəticəyə gəlmək olur ki, abidəyə dəniz tərəfdən bitişik olan kontrfors həmin enişin qarşısında qala üçün əsas dayaq rolunu oynamışdır.

1964-cü ildə qalada tədqiqat işləri aparılan zaman bünövrədən 14 m hündürlükdə içəriyə doğru uzanan böyük ağac tirlərin olduğu müəyyən olunmuşdur. Onların nə məqsədlə istifadə edilməsi məlum deyil. Ola bilsin bu tirlər kontrforsun içində gizli bir tikinti ilə əlaqədardır və ya zəlzələyə qarşı amortizasiya rolunu oynamışdır. Dəqiq hesablama əsasında müəyyən edilmişdir ki, qalanın divarının eni bünövrə hissədə 5 metrdirsə, yuxarı hissəsində təqribən 4,5 mertdir.

Qız qalasının maraqlı cəhətlərdən biri də onun içərisində qayadan ovulub düzəldilmiş su quyusu olmasıdır. Diametri 0,7 m olan bu quyu qalanın cənub-şərq divarının içindədir. Su quyusunda qazıntı işləri aparılmışdır. Quyudan tapılan maddi-mədəniyyət qalıqları buradan XII əsrdən başlayaraq istifadə olunduğunu göstərir. Hesablamalar nəticəsində məlum olmuşdur ki, quyunun dəniz suyunun səviyyəsi ilə heç bir əlaqəsi yoxdur. Quyunun suyu kimyəvi analiz olunmuş, onun içmək üçün tam yararlı olması müəyyənləşdirilmişdir. Quyunun ağız hissəsi qalanın üçüncü mərtəbəsinin döşəməsi səviyyəsindən başlayıb divar boyu aşağıya doğru 13 m davam edir. Quyunun təhlükəsizliyini təmin etmək üçün onu qala divarı içərisində gizlətmişlər. Onun şimal və cənub divarında enib-qalxmaq üçün 10-12 sm dərinlikdə ayaq yerləri vardır. Quyunun 12 m dərinliyində divar genişlənir.

Qız qalası və Şirvanşahlar Sarayı arasında gizli yeraltı yolun məhz su quyusunun aşağı hissəsindən başlanması ehtimal olunur. 1982-ci ildə İçərişəhərin şərq tərəfində aparılan genişmiqyaslı arxeoloji qazıntılar nəticəsində aşkar edilən ilk yeraltı yol orta əsrlərdə Bakının mərkəzi ticarət küçəsi sayılan Şamaxı Qala qapısından başlayıb Salyan darvazasına doğru gedən baş küçənin şərq tərəfində şimal-cənub istiqamətində yerləşir. Maraqlıdır ki, yolun xətti XIV əsrdə tikilmiş Multani karvansarasının altından keçərək Qız qalasına doğru gedir.