DSMF: Bu ildə birinci olacağıq

DSMF: Bu ildə birinci olacağıq
azərbaycan pensiyaların artım dinamikasına görə MDB-də qabaqcıl mövqeyini 2014-cü ildə də qoruyacaq. Xezerxeber.com Trend-ə istinadən xəbər verir ki, bunu cümə günü Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışını şərh edərkən deyib.
Onun sözlərinə görə, ötən il pensiyaların indeksləşdirilməsi və artımı ilə bağlı azərbaycan Prezidentinin 2 sərəncamı icra olunub: "Bu artımlardan sonra əmək pensiyalarının baza hissəsi 100 manata, orta aylıq məbləği 170 manata çatdırılıb, yaşa görə pensiyalar üzrə əvəzetmə əmsalı isə 45 faiz təşkil edib. Nəticədə pensiyaların orta aylıq məbləği pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyib, halbuki 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğlə ifadə olunurdu".

E.Mehdiyev qeyd edib ki, bütün bunlar azərbaycanda yoxsulluq probleminin həllinin mühüm vasitələrindən biri kimi sosial sahədə sürətli islahatların aparılması və pensiyaların davamlı artırılmasına dair azərbaycan Prezidentinin qəbul etdiyi ardıcıl qərarların real nəticəsidir.

DSMF sədrinin sözlərinə görə, 2014-cü ildə də əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi üçün tədbirlər həyata keçiriləcək: "Fondun 2014-cü il üçün büdcəsi makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik inkişafı nəticəsində əldə olunan potensialın əhəmiyyətli hissəsinin pensiyaçıların sosial müdafiəsinə yönəldilməsini ifadə edən sənəddir və onun əsas məzmunu "azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ilə müəyyən olunmuş mühüm sosial vəzifələrin mərhələlərlə yerinə yetirilməsinə istiqamətlənib".

E.Mehdiyev bildirib ki, Fondun büdcəsinin gəlir və xərcləri cari ilə 2,928 milyard manat səviyyəsində proqnozlaşdırılır ki, bu da 2013-cü ilin büdcəsinə nisbətən 11,2 faiz, 2012-ci illə müqayisədə 19,1 faiz, 2011-ci illə müqayisədə isə 37,8 faiz çoxdur: "Dünya iqtisadiyyatında mürəkkəb və çətin proqnozlaşdırılan dəyişikliklərin baş verdiyi, əksər ölkələrin pensiya sistemlərinin göstəricilərinin aşağı düşdüyü bir dövrdə Fondun gəlir və xərclərinin belə sürətli artımı ölkəmizdəki iqtisadi-sosial inkişafın birbaşa nəticəsidir ki, bunu da hər bir ölkədə olduğu kimi sığorta-pensiya sisteminin göstəriciləri özündə adekvat əks etdirir".

O vurğulayıb ki, DSMF-nin büdcəsinin gəlir və xərcləri cari ilə 295,8 milyon manat artımla nəzərdə tutulur: "Bu məbləğin 288,3 milyon manatı əmək pensiyaları, 3,2 milyon manatı müavinətlər, 4,3 milyon manatı isə digər xərclər üzrə artıma yönəldiləcək. Xərclərin artımının 78 faizə qədəri sosial sığorta haqları hesabına maliyyələşəcək. Fondun ümumi büdcəsində dövlət büdcəsi transfertinin xüsusi çəkisi isə 2013-cü illə müqayisədə 1,9 faiz bəndi azalacaq. Fondun büdcə xərclərinin 97,7 faizi və ya 2,86 milyard manatı əhaliyə ödənişlərə, 2,3 faizi və ya 66,7 milyon manatı isə digər xərclərə yönəldiləcək. Əhaliyə ödənişlərin 97,4 faizini və ya 2 milyard 788,6 milyon manatını pensiya xərcləri, 2,6 faizini və ya 73,2 milyon manatını isə müavinət xərcləri təşkil edəcək".

DSMF sədrinin sözlərinə görə, pensiyaların baza hissəsinə 2014-cü ildə 1,52 milyard manat vəsait yönəldiləcək ki, bu da ötən ildəkindən 160 milyon manat çoxdur: "Qeyd edilən məbləğin 1,47 milyard manatı bilavasitə pensiyaların baza hissəsinin, 44,4 milyon manatı isə baza hissəsinə əlavələrin ödənişi üçün nəzərdə tutulur: "Əmək pensiyalarının sığorta hissəsinin 2013-cü ilə nisbətən 11,2 faiz və ya 128,4 milyon manat artacağı proqnozlaşdırılır. Bu artımın 27,7 milyon manatı pensiya məbləğlərinin 2014-cü ilin yanvarın 1-dən 3,3 faizlik inflyasiya səviyyəsinə uyğun indeksləşdirilmə xərclərinə, qalan hissəsi, yəni 100,7 milyon manatı isə xüsusi əlavələr alan hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, dövlət qulluqçuları və s. pensiyaçıların qulluq stajına görə əlavələrinin artımına, eləcə də sistemə daxil olan və sistemdən çıxan pensiyaçıların pensiyaları arasındakı fərqin maliyyələşdirilməsinə yönəldiləcək".

O qeyd edib ki, bu artımlardan sonra pensiyaların orta aylıq məbləği 10,8 faiz artaraq 183 manata, o cümlədən yaşa görə pensiya üzrə 11,9 faiz artaraq 186 manata, əlilliyə görə pensiya üzrə 8,6 faiz artaraq 132 manata, ailə başçısını itirməyə görə isə 10,4 faiz artaraq 131 manata çatacaq: "Nəticədə azərbaycan son 10 il üzrə pensiyaların artım dinamikasına görə MDB-də qabaqcıl mövqeyini 2014-cü ildə də saxlayacaq. Son 10 ildə əmək pensiyalarının orta aylıq məbləği 9,2 dəfə, minimum məbləği isə 7,1 dəfə artıb ki, bu da MDB-nin pensiyaların məbləği nisbətən yüksək olan ilk 4 dövləti içərisində ən yuxarı artımdır və bu göstərici üzrə ikinci yerdə qərarlaşmış Qazaxıstandan 1,4 dəfə yuxarıdır".

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...