“Bilsəydim ki, balamın cənazəsin məscidə gətiriblər...” - Şəhid gizirimizin anası Video

“Bilsəydim ki, balamın cənazəsin məscidə gətiriblər...” - Şəhid gizirimizin  anası  Video



Şəhid gizirimiz Elimdar Səfərovun qardaşı ilə görüşüb, hazrladığımız yazını bir müddət öncə oxucularımıza təqdim etmişdik.



Neftçalaya gedib, Şəhidimizin anası ilə görüşmək qərarına gəldik. Öyrənəndə ki, Şəhid gizirimizin anası da bizimlə görüşməyi, oğlu haqqıda danışmağı çox arzulayır, Novruz bayramı ərəfəsində planlaşdırdığımız görüşümüzü bir az irəli çəkdik. Və yolandıq Şəhid gizirimizin doğulub boya-başa çatdığı Neftçala rayonunun Aşağı Qaramanlı kəndinə.

Bizi Neftçala rayonunda Şəhid gizirimizin böyük qardaşı Elizbar Səfərov qarşılayıb, evlərinə apardı. Qeyd edək ki, Aşağı Qaramanlı kəndində əvvəllər “Qara imanlı” tayfası yaşayıb və elə sonradan kəndin adı həmin tayfanın adıyla adlandırılıb.

Şəhid gizirimiz Elimdar Səlimxan oğlu Səfərov 1992-ci il iyulun 26-da Yardımlı rayonunda anadan olub. 1993-cü ildə ailəsi ilə birlikdə müəyyən səbəblərdən Neftçala rayonunun Aşağı Qaramanlı kəndinə köçüblər. Elimdar Sakit Kərimov adına Qədimkənd orta məktəbini bitirib. 2009-cü ildə hərbi xidmətə yollanan Elimdar Səfərov hərbi xidmətini başa vurduqdan sonra Xüsusi Təyinatlıların sıralarına yazılaraq müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlayıb.




“Dedim ki, yox, gedə bilmərəm, Elimdarı gözləyirəm...”

Şəhidimizin anası Amanə xanım hələ də özünə gələ bilmir. Şəhidlik zirvəsi nə qədər müqəddəs olsa belə, bala dərdi gözəl anamızın boynunu büküb, dərd belini əyib. Elimdardan söz açan kimi gözlərindən yaş sellənir, boğazında qəhər düyünlənir. Danışmaq nə qədər ağır olsa belə özünü toparlayıb sözə başlayır:







“Oğul, Elimdar məni çox istəyirdi, mən də onu körpə kimi əzizləyirdim. Həmişə kəndə gələndə məni qucaqlayıb yatırdı. Vallah deməyə də utanıram, ayağımı yuyurdu, dırnaqlarımı kəsirdi. İndi Elimdarsız zülüm çəkirəm. Uşaqlarım çox əziyyət çəkiblər. Dörd qız və iki oğlan övladım var. Elimdar Şəhid olan vaxtı mən Bakıdaydım, qızım xəstə idi, onun yanında qalırdım. Elimdar özü də bacısına baş çəkdi. Dedi ki, ana gedirəm, ancaq yenə gəlib dəyəcəm sizə. Aprelin 2-dən 3-nə keçən gecə Şəhid olub biz bilməmişik. Daha doğrusu, mən bilməmişəm, böyük oğlum Elizbara xəbər veriblər. Aprelin 3-də Elimdarın dostları mənə dedilər ki, ana, kəndə gedirik gəl sən də bizimlə gedək. Dedim ki, ay bala, Elimdar gələcək onu gözləyirəm, onu görüm sonra gedərəm. Dostları çox israr edəndən sonra axır ki, yola düzəldim, amma elə ürəyim Elimdarın yanında qaldı".

“Məni aldatdılar ki, Elimdar ayağından yaralanıb...”

"Salyanda uşaqlar mənə dedilər ki, ana sənə bir söz demək istəyirik. Dondum qaldım. Dedim ki, nə demək istəyirsiniz? Dedilər ki, ana Elimdar ayağından yaralanıb, evə gətiririk. Bu xəbərdən sonra özümdən getdim. Sonra nə olub yadımda deyil. Axşam məni evə gətirdilər. Gördüm ki, böyük oğlum Elizbar da yoxdu. Qohum-əqrəba dedi ki, Elimdarı gətirməyə gedib. Gecə səhərə qədər yatmadıq, Elimdarı gözlədim. Sən demə Elimdarın cənazəsini kəndimizdəki məscidə gətiriblər və gözləyiblər ki, səhər açılsın sonra evə gətirsinlər".




“Bilsəydim ki, balamı məscidə gətiriblər, qoymazdım orda qala...”

"Səhər açılanda gördüm ki, balamın qırmızı tabutunu güllə bəzəyib qapıya gətirdilər. Sonra da həyətdən götürüb qəbristanlığa apardılar. Bilsəydim məscidə gətiriblər qoymazdım orda qala. Elə evə gətirərdilər, mən də bir gecə balamla qalardım".

Göz yaşlarına hıçqırığı da qarışan Amanə ana bizi də kövrəldir. Ancaq sakitləşmir, elə ağalaya-ağlaya danışmağa davam edir:

"Mən balalarımı zülümlə böyütmüşəm,oğul. Atalarını çox tez itirdilər. Hər şey düşdü bu iki oğlumun üstünə. İki bacılarını həyat yoldaşım köçürmüşdü, iki bacılarını da bu iki qardaş köçürdü. Bambıq sahəsində, daş karyerində işləyirdilər. Elə olurdu Elimdar dəmir yığıb satırdı və onunla bizi dolandırırdı. Çox zəhmətkeş uşaq idi. Arzusu kəndin məscidini təmir etdirmək idi, onu da Şəhid olandan sonra Elimdara verilən pulla yerinə yetirdik. Məscidi təmir etdirdik, məscidin həyətində Elimdarın abidəsini qoyduq. İndi böyük oğlum Elizbar kəndimizdə Elimdarın və digər Şəhidlərimizin şərəfinə park tikir. Adları yaşasın, elə bu mənə bəsdi.







“Onun haqqında yazılanları oxuduqca...”

"Ataları 2010-cu ildə qəflətən dünyasını dəyişdi. Elə o vaxtdan balalarımla tək qaldım. Ən böyük təsəllim Elimdarın qəhrəmanlığının qələmə alınmasıdı. Onun haqda yazılan yazıları gördükdə ürəyim açılır, sevinirəm. Allah sizin kimi insanlara can sağlığı versin, nə yaxşı ki, biz Şəhid analarını sevindirirsiniz”.




Elimdar Şəhid olandan sonra Səfərovlar ailəsində hər kəs ancaq torpaqlarımızın azad edilməsini və Şəhidlərimizin qisasının alınmasını arzu edir. Elə Elimdarın bacısı uşaqları Nurlan və Qönçə də bu arzudadı. Onlar Elimdarın evin divarından asılmış böyük şəklinin önündə durub həm şeir dedilər, həm də mahnı oxudular.

Təki onlar yaşasın və yazdığımız yazılarla ailələri qismən də olsa təsəlli tapsın.

Ruhun şad olsun Şəhid Elimdar Səfərov. İndi çox təəsüf hissi keçirirəm ki, səninlə niyə mən bir dəfə də olsun görüşə bilməmişəm. Axirətdə görüşmək ümidiylə...
Reklamları Keç » » » »
Hazırlanır zəhmət olmasa gözləyin.

Mənbə: moderator.az

Şərhlər 1

  1. huseyin
    huseyin - 20 mart 2017 23:48
    eziz sehitlerimize ALLAHDAN rehm dileyirem ALLAH deyir sehitler olmur onlar sagdir yasayirlar ancag siz bunu bilmirsiniz ruhunuz garsisinda bas eyirem her birimizin gehreman eziz sehitlerimiz
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...