Ermənistana keçən azərbaycanlı ilə müsahibə: “Bizə heç kəs dayaq olmadı” – VİDEO

Ermənistana keçən azərbaycanlı ilə müsahibə: “Bizə heç kəs dayaq olmadı” – VİDEO

Miraslan Bəkirli 17 mart 1955-ci ildə Qərbi Azərbaycanın Kalinino rayonunun (keçmiş Varantsovka, qədim adı isə Daşır olmuşdur) Qəzəl Şəfəq kəndində (keçmiş Cücəkənd) anadan olub. 1969-cu ildə Qızıl Şəfəq 8 illik, 1971-ci ildə İlməzli kənd orta məktəbini bitirmişdir. Bir il Qızıl Şəfəq sovxozunda fəhlə işləmiş, 1972-1977-ci illərdə BDU-nun (keçmiş ADU) geoloji-coğrafiya fakültəsini bitirmiş, Cəlilabad rayonunun Eçara, Maşlıq kəndlərində dövlət göndərişi ilə müəllim işləmişdir. 1980-i ildən 1988-ci il hadisələrinə qədər doğulduğu rayonda “Zarya” qəzetində işləmiş, sonra Sumqayıt şəhərinə köçüb gəlməyə məcbur olmuşdur. Sumqayıtda əvvəl 8 saylı məktəbdə müəllim, sonra 18 saylı məktəbdə dərs hissə müdiri, 1990-cı ildə ilk müstəqil qəzetlərdən olan “Vətən səsi” qəzetində ədəbi işçi, şöbə müdiri kimi fəaliyyət göstərmişdir.



1992-ci ildən Azərbaycan Dövlət Televiziyasında böyük redaktor kimi çalışır. Qərbi Azərbaycan və işgalda olan torpaqlarımızla bağlı silsilə verilişlər hazırlayıb.
1984-cu ildən bədii yazılarla müntəzəm olaraq ədəbi orqanlarda çıxış edir. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 11 kitabı çap olunub.

- 1988-ci il deportasiyasının dərin kökləri haradan başlayır və hadisələr zamanı bütövlükdə nələri itirdik?

- Əvvəla, dəvət etdiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun ki, belə ağrılı məqama diqqət yetirirsiniz. 1988-ci ildən bu yana demək olar, bütün həyatımı bu hadisələrin araşdırılmasına həsr etmişəm. 1988-ci il hadisələrini araşdırırıqsa, daha əvvəlki tariximizə nəzər salmalıyıq. Hesab edirəm, həmin hadisələr imperiya siyasətinin tərkib hissələrindən biri kimi qəbul olmalıdır. 1988-ci hadisələrinin dərin kökləri İrəvan xanlığının süqutundan və dünyanın müxtəlif hissələrindən ermənilərin bu ərazilərə köçürülməsindən başlayır. 1905 hadisələri, 1918-ci il soyqırımı, 1936-1937-ci il repressiyası, 1948-1953-cü il və 1988-ci il deportasiyası, 20 Yanvar və 26 Fevral hadisələri sırf türk və müsəlman olduqları üçün imperiyanın azərbaycanlılara qarşı tətbiq etdiyi siyasət idi. 1988-ci il hadisələri zamanı Qərbi Azərbaycanın bütün bölgələrində ölüm hadisələri oldu. Bayraqlarımız yandırıldı, azərbaycanlıların evləri, var-mülkü talan edildi. Lakin bütün bunlara baxmayaraq Qərbi Azərbaycanın bütün rayonlarında milli ruh, vətənpərvərlik əhvali-ruhiyyəsi ən yüksək səviyyədə idi. Həmin ərəfədə Moskvada iclas keçirildi və həmin iclasda Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu səslənmişdi. Bu hadisə Kalinino rayonunda bayram ovqatı yaratmışdı. Bütün maşınların arxasında qırmızı lent yapışdırılmış və “Qarabağ bizimdir” şüarı səsləndirilirdi. Bu hadisə ermənilərin gözü qarşısında baş vermişdi. Yəni onu demək istəyirəm ki, bizim rayonun sakinlərində qorxu hissi yox idi. Amma çox təəssüf ki, onların arxasında dayaq, dəstək verən qüvvə yox idi. Ən güvəndiyimiz yer Azərbaycan idi. Türkiyədən kömək ummurduq, coğrafi mövqeyimiz buna imkan vermirdi. Yəni Türkiyə ilə əlaqə saxlaya bilməzdik. 1988-ci ildə təkcə coğrafi, yaxud da tarixi-etnoqrafik baxımdan ərazi itirmədik, həm də milli-mənəvi dəyərlərimizin bir hissəsini itirdik. Qərbi Azərbaycanın sakinləri öz dədə-baba torpaqlarında daha böyük görünürdü və adət-ənənələrimizi daha yaxşı yaşadırdılar. Hər bölgənin özünün xarakterik xüsusiyyətləri var idi. Qərbi azərbaycanlılar dünyanın və Azərbaycanın müxtəlif bölgələrinə səpələndilər. Bununla da öz adət-ənənələrimizi, illərlə formalaşan folklorumuzu unutduq.

- Kalininoda ermənilərlə azərbaycanlıların say nisbəti necə idi və ermənilərin təzyiqinə məruz qalırdınızmı?

- Kalinino rayonunda cəmi 22 kənd var idi. Kalininonun Şahnəzər kəndi Ermənistan SSR-in ən böyük kəndi idi. Sonradan onun adını dəyişdirib Medzavan etdilər. Rayonumuzda kürdlər, ermənilər və digər xalqlar olsa da, əsas ünsiyyət vasitəsi Azərbaycan dili idi. Babamın pasportunda 1936-cı ilə qədər yazılanların hamısı türkcədir. SSRİ yaradıldıqdan sonra rayonumuzda ermənilərin sayı artmağa başlamışdı. 1988-ci il hadisələri ərəfəsində əhalinin say nisbəti ermənilərin xeyirinə dəyişmişdi. Hər keçən gün həm fiziki baxımdan əhalini bu torpaqlardan uzaqlaşdırırdılar, həm də mənəvi baxımdan. Yəni bu ərazilərdə azərbaycanlıların qarşısına süni maneələr qoyulurdu, onlar iş tapa bilmirdi və s. Buna görə də azərbaycanlılar ərazidən çıxırdı. Nəticə etibarilə ermənilərin say üstünlüyü artırdı. Bütün bunlara baxmayaraq azərbaycanlıların ermənilər üzərində qalib gəlmək arzusu, mübarizə əzmi açıq-aşkar hiss olunurdu. Qərbi Azərbaycanın bütün rayonlarında insanlar kəfəni boğazına keçirib nümayişkəranə şəkildə "Qarbağ bizimdir” deyirdi. Buna görə neçə-neçə adamlar öldürüldü. Adi bir nümunə göstərim. 1988-ci il hadisələri zamanı ermənilər mitinq keçirirdi. Azğın kütlə Kalinino rayonunun Nərimanov küçəsində azərbaycanlıların yaşadığı məhəlləyə hücum çəkdilər. Məqsəd türkləri öldümək idi. Məhəmməd adlı qoca bir kişi var idi. Qaraboğaz Məhəmməd deyərdilər ona. Məhəmməd kişi qaçmaq istəyəndə görür ki, hamilə olan gəlini evdə qalıb. O, qadını kartof kisələrinin altında gizlədir. Özü isə silahını götürüb azğın kütlənin qarşısına çıxır. Həmin adamı daş-qalaq edib öldürmüşdülər. Lakin həmin kişiyə görə böyük bir fəlakətin qarşısı alındı. Çünki əgər azğın kütlə daha da irəliləsəydi, daha çox azərbaycanlı öldürülə bilərdi. Deməyim odur ki, say elə də önəmli amil deyil. Bütün dünya bilir ki, türklərin bu baxımdan heç bir qorxusu yoxdur. Sadəcə olaraq biz Qafqaz deyilən bölgədə təklənmişdik. Bizim rayonun bir təfərdən bəxti gətirmişdi ki, Gürcüstanla həmsərhəd olduğu üçün elə də çox təzyiq edə bilmirdilər. Lakin ümumilikdə Qərbi Azərbaycanda türklərə qarşı amansız işgəncələr verilirdi.

- Deportasiya prosesi necə yadınızda qalıb?

- Azərbaycanlıların Ermənistan ərazisindən deportasiya olunmasının canlı şahidlərindən biriyəm. 1987-ci ildə mən köçürmə prosesindən xəbər tutmuşdum. Dərhal Dövlət Təhlükəsizlik Komitəsinə məlumat verdim. Məhz buna görə mənə rayonumuzda dinclik vermədilər. Ailə çox pis vəziyyətdə qalmışdı. Yaşadığımız böyük bir binada cəmi 2 azərbaycanlı ailəsi yaşayırdı. Mən 1988-ci ildə rayondan çıxmışdım, çünki rayon mərkəzində yaşayırdım. Lakin kəndimizin sakinləri 1989-cu ildə çıxdı. Bir faktı diqqətinizə çatdırmaq istəyirəm. Qərbi Azərbaycandan köçürülmüş əhalinin 250 min olduğu deyilir. Halbuki bu say qat-qat çox idi.

- Sizin rayondan 1988 hadisələri zamanı neçə nəfər həyatını itirdi?

- Onu demək çox çətindir. Əslində bizim rayondan heç kəs ölməməli idi. Çünki bizim rayon Gürcüstana bitişik olduğu üçün bu keçiddən istifadə edə bilərdik. 2-3 nəfərin öldürüldüyünü bilirəm. Ümumilikdə götürsək, 1988-ci il deportasiyası zamanı ən az zərər görən bizim rayon idi. Hadisələr zamanı ermənilər risk edib azərbaycanlıların qapısına gələ bilməzdilər. Onlar bilirdilər ki, türklərin heç nədən qorxusu yoxdur. Bir nümunə göstərim. Qonşuluğumuzda olan Şahnazar kəndi Ermənistanın ən böyük kəndi idi və həm də ermənilərin çoxluq təşkil etdiyi kənd idi. Həmin kənddə yaşayan ermənilər qat qat kiçik olan və 200 ailəlik bizim kəndə ismarıc göndərmişdilər ki, onlara toxunmayaq. Yəni bizdən qorxurdular. Hansısa erməni desəydi ki, “Dağlıq Qarabağ ermənilərindir”, uşaqdan-böyüyə bütün azərbaycanlılar ayağa qalxaraq öz haqq səsini ucaldırdı. Hətta qadınlarımız da yeri gələndə ermənilərin cavabını verirdi. Yəni heç nədən qorxumuz yox idi. Sadəcə olaraq sahibsiz qaldıq və torpaqlardan çıxmalı olduq.

- Kalinino rayonunu spesifik edən nə idi?

- Rayonumuz yüksəkdə yerləşdiyi üçün kənd təsərrüfatının inkişafı üçün əlverişli imkanlar var idi. Kalininoda qədim adət-ənənələrimiz, folklorumuz qorunub saxlanılmışdı. Hesab edirəm, bu, rayonumuzun ən spesifik cəhətidir. Xeyir-şər məclislərimizdə yüz illər əvvəl olan adətlərimiz olduğu kimi qorunub saxlanılmışdı. 1987-ci ildə bizim kənddə rəsmi şəkildə Novruz bayramı qeyd olundu. Atam rəhbərlik qarşısında məsələ qaldırdı ki, kənddə yaşayan ermənilər və ruslar öz milli bayramlarını qeyd edirlər, azərbaycanlılar niyə rəsmi şəkildə bayram keçirməsinlər? Novruz bayramını dini bayram olduğu üçün ilk əvvəl keçirməyə icazə vermədilər. Lakin məqsədimizə nail ola bildik və böyük bir Novruz şənliyi təşkil etdik. Rayonumuzun rəhbərliyi, idarə, təşkilat, müəssisə rəhbərləri, bir sözlə, hamı Novruz şənliyində iştirak etdi. Novruz bayramı Kalinino rayonunda hər il təntənəli şəkildə qeyd edilirdi, lakin rəsmi şəkildə 1987-ci ildə qeyd olundu. Kalinino rayonu 1918-ci ilə qədər Borçalının ərazisi olub. Sovet hakimiyyəti qurulandan sonra Ermənistanın tərkibinə verildi. Rayonumuzda demək olar, hamı ali təhsil almışdı. Hər kəs çalışırdı ki, yaxşı institutda oxusun. Rayonumuzda qayaüstü rəsimlər var idi. Bu rəsimlər həmin ərazilərin kimə aid olduğunu göstərən ən böyük dəlillərdir.


- Dədə-baba torpaqlarınızı xatırlayarkən sizi kövrəldən məqamlar varmı?

- Nə kövrəltmir ki?! Məni ən çox kövrəldən məqam isə evimizi tərk edərkən yaşanan hadisə ilə bağldır. Belə ki, 1988-ci ilin qış vaxtı idi. Ata evimizi tərk edirdik. Bütün əşyalarımızı yığışdırmışdır. Sobamız isə yanırdı. Evi insan nəfəsi yox, kömür sobası isindirirdi. Yanan peçə özümü söykəyərək dedim ki, bizi bağışlasın.... (ağlayır)

- Bildiyimiz qədərilə, sonrakı illərdə Ermənistana keçərək dədə-baba torpaqlarınıza baş çəkmisiniz. Bu, necə mümkün oldu?

- 1996-cı ilin avqustunda böyük bir riski gözə alaraq Gürcüstan ərazisindən Ermənistan tərəfə keçdim və rayonumuza baş çəkdim. Özümlə videokamera da götürmüşdüm. Qəbirlərimizi, evlərimizi çəkdim. Geri qayıdarkən gördüm, bir traktor mənə tərəf gəlir. Uzaqdan binoklla müşahidə edib məni tanıyıblar. Soyadımla məni çağırdı və dedi: “Qorxmursanmı?”. Mən isə cavab olaraq bildirdim: “Sizdən qorxmalıyam?!”. Bir müddət sonra yenidən sərhəddi keçib dədə-baba torpaqlarımıza baş çəkdim. Gördüm ki, evimizin arxasındakı məscidi söküb yerində kilsə tikiblər. Dilqəm və Şahbazın başına gələnlər mənim də başıma gələ bilərdi. Son olaraq onu deyim ki, nə vaxtsa o torpaqlara geri qayıdacağıq. Dünyada türklər qədər dədə-baba torpağına bağlı ikinci bir xalq yoxdur.
Reklamları Keç » » » »
Hazırlanır zəhmət olmasa gözləyin.

Mənbə: femida.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...