"Doğum günümə hədiyyəsi cənazəsi oldu..."- Şəhid zabitimizin anası

 "Doğum günümə hədiyyəsi cənazəsi oldu..."- Şəhid zabitimizin anası

Bu dəfə aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş həbiçilərimizdən biri olan Baş-leytenant Rəşid Rövşən oğlu Mehdiyev haqqında yazmaq qərarına gəldik



Şəhid zabitimizin ailəsi ilə görüşmək üçün doğulub boya-başa çatdığı Salyan rayonunun Xalaç kəndinə yola düşdük.

“Dayısının papağını başına qoyub...”

Xalaç kəndi Salyan rayonundan 10 klometr aralıda yerləşir. Kəndin girişində Şəhid zabitimizin ata evini kənd sakinlərindən soruşduq. Atası Rövşən müəllimlə telefon əlaqəsi saxladıqdan sonra Şəhid atası bizi özü qarşılayıb evlərinə dəvət etdi. Şəhid atası ilə söhbətimizə yol gedə-gedə başladıq. Rəşidin hərbçi olmağının səbələrini danışır Şəhid atası:

“Düzünü bilmək istəsəniz mənim özümün də hərbiçi olmağa çox böyük həvəsim olub. Özüm Almaniyada xidmət edəndə neçə dəfə komandanlıq tərəfindən təltif olunmuşam. Məni hərbi hissədə işə dəvət etsələr də valideynlərimə görə təklifi qəbul etmədim. Rəşidin dayısı ədliyyə işçisi idi, (iki aydır ki, dünyasını dəyişib) həmişə dayısı bizə gələndə Rəşid dayısının papağını başına qoyub deyirdi ki, mən də rütbə daşıyacam.

Rəşid 2008-ci ildə orta məktəbi bitirəndə dedim ki, Rəşid, müəllim ixtisasını seç, riyazıyyatı yaxşı bildiyi üçün ondan yaxşı fizika-riyaziyyat müəllimi olardı. Bunu Rəşidin müəllimləri də mənə demişdi. Rəşid dedi ki, yox ata, mən hərbçi olacam. Sənədlərini Hərbi Akademiyaya verdi və elə həmin ildə qəbul olundu. Rəşid beş il təhsil aldıqdan sonra leytenant kimi Gəncə şəhərindəki N saylı hərbi hissəyə göndərildi. İşi yaxşı idi, evə də gəlib-gedirdi”.

Şəhidimizin məzarını ziyarət edirik...

Söhbətimizin bu yerində kənd qəbristanlığına yaxınlaşdıq. Rəşidin uyuduğu Xalaç kənd qəbristanlığı yolumuzun üstündə olduğundan məzarlığın yanında avtomobili saxlayıb Rəşidin məzarını ziyarət etdik. Sonra isə Rəşidin ata evinə getmək üçün yolumuza davam etdik.

“Mənə ən böyük hədiyyəsi cənazəsi oldu...”

Atası Rövşən kişi bənnadır. Tikinti işi ilə məşğul olur. Dediyinə görə Rəşiddən sonra əli hər şeydən soyuyub. Həyatda onunçün heç nəyin mənası yoxdu. İki qızından sonra dünyaya gələn son beşiyi Rəşidi itirmək ona çox ağır gəlir. Danışa-danışa Rəşidin doğulub boya-başa çatdığı evə çatdıq. Bizi Şəhid Zabitimizin anası Məxburə ana və nənəsi Tehran xanım qarşıladı. Şəhidimizin anası Məxburə xanımın günü ağlamaqla keçir. Rəşiddən söz açacağımızı bildikdə isə göz yaşlarına hakim ola bilmir:

“Mən Rəşidlə nəfəs alırdım, oğul. Övladların hamısı şirindi, amma Rəşid mənim üçün başqa idi. Martın 21-də gecə evə gəldi. Dedi ki, ana sizi tək qoya bilmərəm, gəldim ki, bayramı birlikdə keçirək. Səhəri gün tezdən zəng gəldi, təcili evdən çıxdı. Elə axırıncı dəfə Rəşidi onda gördüyümdü. Aprelin 1-də ad günüm idi, zəng vurub məni təbrik etdi. Dedi ki, ana, gələndə hədiyyəni alacam. Amma ən böyük hədiyyəsi elə mənə cənazəsi oldu. (Ağlayır)

Müharibədə olsa da, bizə bildirmirdi. Apelin 2-də danışanda dedim ki, Rəşid hardasan? Dedi ki, ana, başqa yerdəyəm gələndə deyərəm. Sonra biz televizoru açanda gördük ki, müharibə başlayıb, Şəhidlərimiz də var. Aprelin 4-də axşamüstü bizimlə danışdı. Dedi ki, vəziyyət yaxşıdı, irəliləyirik. Ağladım, dedim ki, Rəşid özünü qoru. Həmin gün hamıyla danışdı: bacılarıyla, qonşularla, atasıyla". (Ağlayır...)

“Sən demə Rəşid bizimlə sağollaşandan bir-iki saat sonra...”

Məxburə xanım çətinliklə də olsa göz yaşlarını silib danışmağa davam edir:

"Aprelin 5-də tezdən eşitdik ki, qapımız döyülür. Qapını açanda gördük ki, qohum-əqrəba hamısı qapıya gəlib. Onda başa düşdüm ki, Rəşidə nəsə olub. Sən demə Rəşid bizimlə sağollaşandan bir-iki saat sonra durduğu yerə top düşüb və qəlpələr onu və digər hərbiçi yoldaşınının həlak olmasına səbəb olub. Aprelin 5-də günorta Rəşidi gətirdilər və kənd qəbristanlığında onu böyük izdihamla dəfn etdik.

Çox deyirdim ki, Rəşid, evlən. Deyirdi ki, ana, işlərim var. İndi evlənmək fikirim yoxdu. Amma qismət olmadı. Bircə təsəllim onun adının yaşadılmasıdı. Çox istəyərdik ki, Rəşidin adına küçə verilsin”.

“Toyda elə gözəl rəqs edirdi...”

Rəşidin nənəsi Tehran xanım da Rəşiddən sonra çox ağlayır. Hər gün Rəşidin Ruhuna dualar oxuyur:

“Rəşid başqa uşaq idi, oğul. Harda olsa özünə hörmət qazanırdı. Deyib gelən, oynağan uşaq idi. Toyda elə gözəl rəqs edirdi, hamı ona baxırdı. Axırıncə dəfə bacısının toyunda qəşəng oynadı. Nə bilim ay bala, Allahın yazısı belə imiş. Allah özü bilən məsləhətdi”.

Söhbətimizi yekunlaşdırıb, Şəhid zabitimizin ailəsinə Allahdan səbr dilədik. Ruhun şad olsun Şəhid zabitimiz Rəşid Mehdiyev.

Qeyd edək ki, Şəhid zabitimiz Rəşid Mehdiyev göstərdiyi qəhrəmanlığa görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif edilib.

Mənbə: Politika.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...