“Baxın, arvadıma sataşır!”: Stalin Mikoyanı necə alçaldırdı? - GİZLİ TARİX

“Baxın, arvadıma sataşır!”: Stalin Mikoyanı necə alçaldırdı? - GİZLİ TARİX

Dekabrın 21-də anadan olan İosif Vissarionoviç Stalin dünya tarixinin ən müəmmalı, ziddiyyətli fiqurlarından biridir. Ona birmənalı qiymət vermək praktik olaraq, mümkün deyil. Kimdir bu adam - dəhşətli repressiyaların səbəbkarı, faşizmin qalibi, qanlı cinayətkar, yoxsa böyük lider? Suallar açıq qalır və biz bu yazıda onlara cavab vermək iddiasında deyilik. Bu yazıda Stalinlə bağlı geniş məlum olmayan bir neçə epizoddan danışılacaq.


1953-cü ildə Stalinin ölümündən sonra hakimiyyətə gələn Xruşşov nəyin bahasına olursa olsun “Bığlı bəy”in monstr olduğunu açıqlamağa girişdi. XX qurultay başa çatdıqdan dərhal sonra Amerikanın "Layf" jurnalında Xruşşovun tapşırığı ilə Aleksandr Orlovun "Stalin lənətinin sensasiyalı sirri" məqaləsi dərc edilir.
Stalinin səxsən tanıdığı və əvvəllər dəfələrlə təkbətək qəbul etdiyi Aleksandr Orlov sonradan SSRİ-də uzun illər "vətən xaini" hesab olunur və KQB (DTK) əməkdaşları tərəfindən axtarılırdı.
Lakin gəlin, xarici kəşfiyyatın səlahiyyətli əməkdaşlarının ona verdiyi qiyməti yada salaq: "Orlovun taleyi olduqca faciəli və ziddiyyətlidir. O, repressiyadan haqlı surətdə ehtiyatlanaraq, Qərbdə qalmış, amma buna baxmayaraq, başqaları kimi Stalin repressiyasına yaranmamış, xaricdə yaşayan yüzlərlə kəşfiyyatçının heç birini ələ verməmişdi".
Orlov ikinci Dünya müharibəsindən əvvəlki illərin ən mühüm və ən məlumatlı "geri qayıtmayan"larından biri idi. DTK-nın arxivlərində Lev Lazareviç Feldbin və "Nevidimka" ayamasıyla qeyd olunan bu şəxs inqilabdan sonra bolşeviklər partiyasına üzv seçilir və Stalinin ən böyük pərəstişkarlarından sayılırdı. O, həm də “komandan”ın deyimlərini yaxşıca əzbərləmişdi: “Məni qorxudan dəstəkləyən adamları əqidəmə görə dəstəkləyənlərdən daha yüksək qiymətləndirirəm, çünki əqidə dəyişir, qorxu isə qalır”.

“Baxın, arvadıma sataşır!”: Stalin Mikoyanı necə alçaldırdı? - GİZLİ TARİX



Onu qoxudan dəstəkləyənlərdən, “Tiran”la danışanda bədənini əsməcə tutanlardan, ətrafındakı insanlardan utanmadan “Bığlı bəy”ə yaranıb-yaltaqlananlardan biri də Anastas İvanoviç Mikoyan idi. DTK-da çalışan polkovnik “Nevidimka” bunu bilirdi və dəfələrlə şahidi olmuşdu.
DTK əməkdaşları öz aralarında Stalinin “itoynadan” olduğunu qımışaraq danışırdılar. Danışırdılar ki, Koba istirahət vaxtlarında Pitsa gölündə balıq tutmağı sevirmiş və çox vaxt özü ilə Anastas Mikoyanı da bu “uik-endə” apararmış. Mikoyan yəhudilər haqqında lətifələrlə “Bığlı bəyi” gülümsəməyə vadar edə bilirdi. DTK əməkdaşları olan cangüdənlər dinamit ataraq balıqları keyləşdirir, sonra suya girərək “ovu” yığışdırardılar. Stalin Mikoyanı da məhsul yığımına məcbur edərdi. Çox vaxt soyuq sudan çıxan Anastas İvanoviçin dişləri bir-birinə dəyər, bədəni titrəyərdi. Stalin bir qədəh konyak süzüb ona verər, nimçədəki cücə qızartmasını qarşısına itələyib:
- Ətdən ye, yoxsa bu cücə böyüyüb sənin kimi “xoruz” olacaq, - deyərək uğunarmış.
news-detail


“Baxın, arvadıma sataşır!”: Stalin Mikoyanı necə alçaldırdı? - GİZLİ TARİX


Polkovnik Feldbinnin söylədiyinə görə, Anastas Mikoyan Oktyabr inqilabının 40 illik yubileyindəki ziyafətdə Stalininin çox zarafatcıl insan olduğu haqda danışırmış:
- Stalin çox ağıllı, maraqlı, iradəli, partiyaya sadiq, zarafatı sevən adam idi. Bir dəfə ziyafətlərin birində Alliluyeva ilə oturub uşaqlar haqqında söhbət edirdik, birdən Stalin barmağı ilə bizi göstərib ucadan dedi: “Yoldaş Politbüro üzvləri, görürsünüz, Mikoyan arvadıma girişir. Onu öldürsəm, günah özündə olacaq”. Mən özümü narahat hiss etdim, bərk qorxdum. Sonrakı ziyafətlərdə Nadejdadan mümkün qədər uzaq durmağa çalışdım. Birdən Alliluyeva nə isə soruşmaq üçün mənə yaxınlaşdı və Stalin əyri təbəssümlə: - Görürsünüz, Anastas yenə də arvadımı bişirir, - elə qəzəblə dedi ki, canıma vəlvələ düşdü. Evə qayıtdıqdan sonra da qorxudan titrəyirdim. Gecəni səhərədək yuxulaya bilmədim.
Başqa bir ziyafətdə Nadyaya dedim ki, gəlin bir yerdə oturmayaq, yoldaş Stalini hirsləndirməyək. O güldü və razılığını bildirdi. Bu dəfə masanın əks tərəfində oturduq, heç bir-birimizə baxmadıq. Stalin barmağını saat kəfkiri kimi tərpədərək:
- Görürsünüz, Alliluyeva ilə Mikoyan stolun əks tərəfində oturublar, danışmırlar, deməli maskalanıblar. Öldürəcəm!!
Mən yenə qorxdum. Çox şən adam idi Stalin...
Hərdən gecədən xeyli keçmiş qırmızı telefonla evimizə zəng vurardı:
- Anastas İvanoviç, yatmısan?
- Xeyir, yoldaş Stalin. Buyurun, rica edirəm...- gözlərimi ova-ova, dilim dolaşa-dolaşa dillənərdim.
- Bakı komissarları neçə nəfər olublar və neçəsi güllələnib?
- İyirmi yeddi olublar, yoldaş Stalin, iyirmi altısi həlak olub...
- Eləmi?! Hə, silahdaşımı sakitləşdirdim, indi özüm də yata bilərəm. Yaxşı, sən də yat...
Səhərədək yatağımda eşələnərdim...
Çox zarafatcıl idi.
“Nevidimka” bunlardan xəbərdar idi. Orlovun “Pravda” qəzetundə çalışan bir dostu vardı, felyetonçu. Onlar uzun ayrılıqdan, Stalin öləndən sonra Amerikada görüşürlər. Dostu ona kənarları kəsilmiş bir fotoşəkil bağışlayır.
- Bu nə şəkildir? – Orlov təəccüblə soruşur.
- Otuzuncu illərin ortalarında sovet yazıçıları, jurnalistlərinin Stalinlə, digər partiya və dövlət adamlarıyla görüşü oldu, - danışır felyetonçu. – Sonda kollektiv şəkil cəkdirdik, mən “Doğma ata”nın yanında yer aldım. Aylar, illər keçdi və həbslər başladı. Xalq düşmənlərinin şəkillərini saxlamaq heç də təhlükəsiz olmadığından, əlimə qayçı götürüb tutulanları bir-bir kəsməyə başladım. Əvvəlcə bir partiya rəhbərini, üç-dörd yazıçı-jurnalisti kəsdim. Repressiyalar kütləvi şəkil alanda daha çox kəsməli olurdum. Rəhbərlər, yazıçı- şairlər, jurnalistlər yavaş-yavaş şəkildən yoxa çıxırdılar. Sonda bir mən qaldım, bir də “El atası”. XX qurultaydan sonra Stalini də kəsdim və tək qaldığım şəklimi sənə bağışlayıram.
Saşa Orlov 1924-cü ildə Birinci Baş İdarənin İqtisadiyyat şöbəsinə sədr müavini təyin edildikdən sonra Kobanın təkidi ilə İspaniyaya sənaye kəşfiyyatı işinə göndərilir. Orada bir sıra mühüm əməliyyatlar həyata keçirdikdən sonra yenidən SSRİ-yə qayıdır. Lazımlı məlumatlarla qayıtmasına baxmayaraq, əməliyyat iştirakçıları arasında yalnız onun fəaliyyəti Cuqaşvili tərəfindən qiymətləndirilmir. Koba nədənsə həmişə onunla danışarkən bığaltı, kinayə dolu təbəssümlə gülümsəyirdi. Amma buz kimi soyuq bəbəklərində pələng yırtıcılığı parlayırdı.
Şoloxovun Stalin barədə dediklərini həmişə qulağımda sırğa eləmişdim: “Stalin daim gülümsəyərək gəzir, lakin gözləri pələng gözləridir”.
Orlovun xatirələrindən:
- Mən Stalin tərəfindən NKVD rəhbərliyinə verilən bütün şifahi göstərişləri gələcəkdə lazım olacağını nəzərə alaraq, yazıb saxlayırdım. Olduqca məxfi saxlanılan həmin sənədləri tabeçiliyimdə olan NKVD müstəntiqlərindən əldə edirdim. Cuqaşvili törətdiyi cinayətlərdə NKVD-dəki köməkçiləri olmadan bir iş görə bilməzdi. Onun çirkin əməllərinin, məntiqsiz göstərişlərinin sayı artdıqca qaniçən, qəddar əlaltılarının sayı da çoxalırdı. Bütün dünyanın gözündə öz nüfuzunu itirməkdən ehtiyatlanan Stalin 1937-ci ildə onun sirlərindən az-çox xəbərdar olan sadiq şəxslərlə, həmkarlarıyla, “dostlarıyla” haqq-hesab çəkməyi qərarlaşdırır. 1937-ci ilin baharında NKVD-nin demək olar ki, bütün rəhbər işçiləri məhkəməsiz-filansız güllələnirlər. Həmin şəxslər azacıq da olsa Stalinin əməllərindən xəbərdar olanlar idilər.
news-detail

Haşiyə
Koba hətta ən sədaqətli dostlarını da “əbədi istirahətə” göndərməkdən çəkinmirdi. Onun dostu, silahdaşı Orconokidzenin ölümünə dair bizdə üç versiya mövcud idi:
1. NKVD Orconekidzenin evinə axtarışa gələrkən o, Stalinə zəng vurur.
Stalin cavabında:
- NKVD kimi ciddi bir təşkilat hər kəsin, hətta mənim mənzilimdə də axtarış apara bilər. Məncə bu yaxınlarda səninlə həmin mövzuda danışmışdıq, - deyir.
Bunu eşidən Orconekidze özünü güllələyir.
Orconekidze Stalinin hakimiyyəti qəsb etmsinə qarşı çıxırdı və buna görə də onlar arasında daim mübahisələr yaranırdı. Belə mübahisələrin sonuncusunda Koba öz dostuna:
- Mən sənin adının ləkələnməsini istəmirəm, ona görə də özün ölməyə çalış,- demişdi.
2. Onu ya axtarışa gələnlər, ya köməkçisi, ya da sürücüsü öldürüb.
3. Ürək tutmasından ölməyi isə ciddi qəbul olunmur.
Serqo gecəyarısı “intihar” edəndən dərhal sonra zövcəsi Stalinə zəng vurur:
- Serqo da Nadya kimi ölüb.
- Yaxşı, indi gəlirik.
Tezliklə Stalin, Molotov, Kaqanoviç və başqaları Orconekidzenin mənzilinə gəlirlər. Həkimlər də gəinrlər. Onlar ölümü təsdiqləyib Stalinə baxırlar. Cuqaşvili bir qədər düşündükdən sonra:
- Ürək tutmasından ölüb, - deyir.
Orgonekidzenin arvadı etiraz edir:
- Serqo həqiqət uğrunda mübarizə aparırdı, onun haqqında həqiqəti demək lazımdır.
- Kəs səsini, axmaq! – Stalin çımxırır.
“Nevidimka” bunu da bilirdi.
Orlov İspaniyada çalışarkən bütün keçmiş dost və həmkarlarının məhv edildiyini artıq bilir və tezliklə özünün də növbəsinin çatacağını çox yaxşı anlayırdı. Lakin Moskvada yaşayan anasının taleyindən nigaran qaldığı, narahatlandığı üçün hələ ki, Stalin rejimi ilə birdəfəlik üzülüşə bilmirdi.
O vaxtlar KQB-şiklər arasında pıçıltı ilə danışılan bir lətifə vardı: “Krımda olarkən Stalinlə Ruzvelt kimin öz xalqı arasıda daha böyük sevgiyə, nüfuza malik olduğunu sınamaq istəyirlər. Ruzvelt cangüdənlərindən birini çağıraraq deyir, - Mənim əmrimlə özünü bu binanın damından yerə atarsanmı?
- Yox! Mənim uşaqlarım, qoca ata-anam var...
Stalin öz mühafizə dəstəsindən bir polkovniki barmağını tərpətməklə yanına çağırır:
- “Za Stalina!” – deyərək özünü damdan yerə atarsanmı? – gülümsəyərək soruşur.
- “Yoldaş Stalinə xidmət edirəm!”- deyən polkovnik qaçaraq pilləkənları qalxmağa başlayır. Binanın damında onu tutaqaq Stalinin göstərişi ilə aşağı gətirirlər...
- Buraxın məni! – zabit bağırır. – Göstərişi yerinə yetirməliyəm... Axı mənim uşaqlarım, qoca ata-anam var...
news-detail

“Baxın, arvadıma sataşır!”: Stalin Mikoyanı necə alçaldırdı? - GİZLİ TARİX


Amma budur, 1937-ci ilin avqustunda Orlov NKVD-nin xarici idarə rəisindən teleqram alır. Teleqramda bildirilirdi ki, Fransa və Hitler Almaniyasının məxfi orqanları SSRİ-nin İspaniyada həyata keçirdiyi əməliyyatlar barədə məlumatları Orlovdan almaq üçün onun oğurlanmasını nəyin bahasına olursa-olsun planlaşdırıblar.
Teleqramda həmçinin qeyd edilirdi ki, NKVD Orlovun təhlükəsizliyini təmin etmək üçün ona on iki nəfərdən ibarət şəxsi mühafizəçi göndərmək fikrindədir. Orlov əmin idi ki, həmin mühafizəçilərə onun məhvi tapşırılacaq. O, xarici idarənin rəisinə cavab teleqramında heç bir şəxsi mühafizəyə ehtiyacı olmadığını və İspaniyanın vətəndaş qvardiyası tərəfindən etibarlı surətdə qorunduğunu bildirir.
1937-ci ilin oktyabrında Semyon Şpigelqyas İspaniyaya təşrif buyurur. Bu, həmin zabit idi ki, Moskvaya qayıtmaqdan imtina etmiş NKVD rezidenti İqnatiy Reyssin İsveçrədə qətlini təşkil etmişdi. Orlov bu xəbərdən bərk həyəcana düşərək öz həyat yoldaşı və qızını Fransaya yollayır.
1938-ci il 9 iyul tarixində Orlov Yejovdan teleqram alır. Teleqramda ona Belçikaya gəlib 14 iyun tarixində "bir nəfər yoldaşla" söhbət aparmaq üçün "Sivir" adlı sovet gəmisinin göyərtəsinə qalxmaq tapşırılırdı.
"Həmin teleqram çox uzun və ürəksıxıcıydı. Yejov və onunla MK aparatından NKVD-yə keçmiş şəxslər sabiq "enkevede"çilərdən olduqca naşı, savadsız və təcrübəsiz idilər. Bu insanlar məni şübhələrdən yayındırmaq istəyir və bunu elə sadəlövhcəsinə həyata keçirirdilər ki, özləri də bilmədən öz gizli niyyətlərini ifşa edirdilər. Məlum idi ki, "Sivir" mənim üçün ömürlük məhbəsə, üzən türməyə çevriləcək.
İyunun 12-si həmkarlarım mənimlə vidalaşmaqdan ötrü Barselonadakı malikanəmin qarşısına toplaşmışdılar. Hiss edirdim ki, onlar mənim tələyə düşəcəyimi fikirləşir, lakin “El Atası”nın qəzəbindən qorxaraq dinmirlər. İki saatdan sonra mən artıq Fransa sərhədində idim. Mühafizəçilərlə sağollaşdıqdan sonra ispaniyalı sürücü məni arvadım və qızımın yerləşdiyi mehmanxanaya çatdırdı. Biz yubanmadan gecə ekspressinə əyləşərək səhər tezdən Parisə çatdıq. Mən özümü sanki batmış gəmidən salamat qurtaran adam kimi hiss edirdim. Yəni gözlənilmədən, qabaqcadan hazırlanmış plansız və xilas olmağa ümidsiz.
Lakin Fransada qalmaq təhlükəli olduğundan, Orlov Kanada səfirliyinə yollanır. Diplomatik pasportunu səfirliyə təqdim edən kəşfiyyatçı ona Kanada vizasının verilməsini xahiş edir. Artıq bir neçə saatdan sonra Orlov Avropanı tərk edir.
“Ona qətiyyətlə xəbərdarlıq etdim ki, əgər qəzəbini analarımızın üzərinə yönəldərsə, onun barəsində bildiklərim və bütün düşündüklərimi mətbuatda dərc etdirəcəm. Kanadaya gələn kimi Stalinə və Yejova böyük həcmli məktub yazdım. Həmin məktubda məni hələ 1924-cü ildən tanıyan “El Atası”na onun rejimi barədə nələr düşündüyümü izah etdim. Lakin məktubun mənası tam başqaydı. Sözün doğrusu, mənim məqsədim anam və qaynanamın həyatını xilas etmək idi. Bunu Stalindən xahiş etmək və ondan xeyirxahlıq gözləmək mənasız bir məşğuliyyət olduğundan, başqa üsula əl atdım. Ona qətiyyətlə xəbərdarlıq etdim ki, əgər o öz qəzəbini analarımızın üzərinə yönəldərsə, onun barəsində bildiklərim və bütün düşündüklərimi mətbuatda dərc etdirəcəm. Bunun boş sözlər olmadığını göstərmək üçün onun törətdiyi bir neçə qlobal cinayətlərin siyahısını sübut kimi məktuba əlavə etmişdim.
Haşiyə:
1936-cı ildə “Nevidimka”nın da iştirak etdiyi tanınmış bir generalın oğlunun toy məclisinə toplaşmışdılar. Toy çox təmtəraqlı və şən keçirdi. Bu zaman Stalin də öz əyanları ilə məclisə təşrif buyurur. Gənclər və tanınmış general rəhbərə böyük hörmət və diqqət göstərirlər. Stalin də şəndir, bəylə gəlinin şəninə badə qaldıraraq sağlıq deyir, gözəl sözlər söyləyir.
Şənlik gecə saat ikiyədək davam edir. Stalin və qonaqlar evi tərk edirlər, bəylə gəlin tək qalırlar. Bir saat sonra qapı bərkdən döyülür, qırmızı poqonlular içəri soxulurlar. Axtarış aparılır, mənzildə hər şey sökülür, sındırılır, cırılır, zibillik görkəmi yaradılır və təzə bəyi qandallayaraq qara avtomobilə oturdurlar…
- Bundan başqa, Stalinə bildirmək istəyirdim ki, əgər onun agenturası tərəfindən öldürülərəmsə, həmin cinayətlərin tarixi dərhal vəkilim tərəfindən nəşr ediləcək, - Orlov öz kitabında bunları yazırdı.
13 avqust 1938-ci il tarixində Orlov ailəsilə birlikdə Birləşmiş Ştatlara gələrək, Vaşintondakı mühacirlərlə iş üzrə komissarlıqdan siyasi sığınacaq istəyir. Ona ABŞ-da yaşamağa icazə verilsə də, heç bir rəsmi sənəd təqdim olunmur. 1940-cı ildə isə ailəyə bədbəxtlik üz verir. Qızı Vera uzun sürən revmatizm xəstəliyindən vəfat edir. Sovet kəşfiyyatı 14 ilə yaxın idi onun ovuna çıxmışdı. Ona görə də ailə uzun müddət bir yerdə yaşaya bilmir, başqa soyad altında qeydiyyata düşürdü.
Və budur, nəhayət 1953-cü ildə Nyu-Yorkun "Rend-Hauz" nəşriyyatında Orlovun qalmaqallı kitabı işıq üzü görür. Həmin kitabın nəşri bomba partlayışına bənzər bir effekt yaradaraq bütün dünyanı Stalinin törətdiyi əməllərlə agah edir. Lakin buna baxmayaraq, Orlov hələ uzun müddət ABŞ vətəndaşlığını əldə edə bilmirdi. Hətta FKB (Federal Kəşfiyyat Bürosu) onun sovet kəşfiyyatından maliyyə dəstəyi alıb-almadığını araşdırmaqdan ötrü həbs orderi də vermişdi. Uzun-uzadı dartışmalardan, süründürməkilikdən sonra 1957-ci ildə nəhayət ki, Orlova ABŞ-da yaşamaqdan ötrü rəsmi iazə verilir.
Bütün 35 il ərzində vətən həsrətilə yaşayan Aleksandr Orlov - Lev Feldbin 7 aprel 1973-cü il tarixində Kliv-lenddə vəfat edir.

Mövzuya aid fotolar:

Mənbə: Publika.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...