Pampersli kişilər...

Pampersli kişilər...Hava soyuq olsa da, sərhəddə növbə vardı. Nimdaş geyimli kişilər və qadınlar bir-birilərini itələyə-itələyə o tərəfə keçməyə can atırdılar. Sanki Gürcüstanda yel əsib, qoz tökülmüşdü...

Jurnalist marağı güc gəldiyi üçün ilk dəfə gördüyüm bu adamları sorğu-sual edir, o taya niyə keçdiklərini öyrənmək istəyirdim. Hamı təxminən eyni cavabı verirdi: “İş-güc yoxdur. Alış-veriş edib, beş-on manat qazanmaq istəyirik”.

Gürcüstan azərbaycanlılar üçün uzun illər ucuz ölkə sayılıb. Qərb bölgəsində yaşayan əhali əvvəllər bazarlığı sərhəddin o tayından edirdi. Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Qazax camaatı bu ölkədəki ucuzluqdan maksimum yararlanmağa çalışırdı. Amma Azərbaycan manatı “üzən məzənnə” sisteminə keçəndən sonra vəziyyət dəyişdi. Hazırda 100 AZN cəmi 140 lari edir. Bu isə o deməkdir ki, Gürcüstanda qiymətlər tədricən Azərbaycandakı həddə çatır. Belə bir şəraitdə Gürcüstandan alış-veriş etmək nə qədər sərfəlidir? Bu əziyyətə qatlanmağa dəyərmi?

Qazağın İkinci Şıxlı kəndində yaşayan 45-50 yaşlı bir kişi özünə haqq qazandırmağa çalışırdı: “Onsuz da biz həmişə qəpik-quruş qazanmışıq. O taydan gətirdiyimiz malın üstünə bir-iki manat qoyub satırıq. Yoxsa, acından ölərik”.

Tbilisidə yaşayan mühəndis dostumun atasının yas mərasimində iştirak edib, bir neçə saat sonra geri qayıdanda sərhəddə yenə həmin adamlarla qarşılaşdıq. Hamısı dizə qədər palçığa batmışdı. Üst-üstə qalaqlanmış əşyaların içərisində diqqətimi ən çox cəlb edən pampers bağlamaları və mandarinlə dolu torbalar oldu. Yüz on kiloqram çəkimə rəğmən çiyinlərinin arxasında gizləndiyim boylu-buxunlu, pəhləvan cüssəli kişilər əllərindəki pampers bağlamaları ilə ora-bura qaçışırdılar. Səs-küydən qulaq tutulurdu. Gömrük işçiləri ilə mübahisə edən qadınlar səslərini bir qədər də yüksəltməklə vəziyyəti daha da dramatikləşdirirdilər...

Bu qələbəliyin arasından növbəti yazımın qəhrəmanını axtararkən bir kişi əlindəki pampers bağlamasını mənə tərəf uzatdı: “Bunu o taya keçirə bilərsiniz?”

Onsuz da bayaqdan bu adamlara necə kömək etmək barədə düşünürdüm. Odur ki, tərəddüd etmədən “baş üstə”, - deyib bağlamanı ondan aldım. Bir andaca kişinin çöhrəsi işıqlandı, mehriban görkəm alıb, söhbətə girişdi. Şəmkirdə yaşadığını, demək olar ki, hər gün sərhədi keçdiyini dedi.

Şəmkirin adını eşidəndə, özümü saxlaya bilmədim: “A kişi, camaat pulu Şəmkirdə qazanır. Sən də düşmüsən pampers dalınca...”

İfadə tərzim bir qədər qüsurlu olsa da, müsahibim bunun fərqinə varmadı: “Şəmkirdə ancaq “parnik” sahibləri pul qazanırlar. Mənim isə bu işdən xoşum gəlmir. “Parnik” adamın ömrünə balta çalır”.

Təsərrüfatdan uzaq düşən kənd sakinləri ilə qarşılaşanda həmişə dilxor oluram. Odur ki, kinayəli danışmaqdan özümü saxlaya bilmədim: “Guya, yayın istisində, qışın soyuğunda gündə dörd-beş saat sərhəddə ayaq üstə qalmaq adamın ömrünü uzadır?”

Kişi pərt olduğu üçün cavab vermədi. Gərginliyi aradan qaldırmaq məqsədilə soruşdum: “Bu əziyyətin qarşılığında bir şey qazana bilirsiniz?”

Bu dəfə həvəslə cavab verdi: “Gördüyünüz bu pampersin bir bağlamasını ordan 9 manat 80 qəpiyə alıb, burda 11 manata satırıq. Bir manat 20 qəpik pampersdə, 2 manat “paroşok”da, 50 qəpik də mandarində qazancımız olur. Buna da şükür!”

...Gəncəli həkim dostumun Qazax rayonunun Birinci Şıxlı kəndində yaşayan qohumları bizi yüksək səviyyədə qarşıladılar. Gecədən xeyli keçsə də, masaya çolpa qızartması, isti süd, kərə yağı, motal pendiri, bal, təndir şörəyi, lavaş düzmüşdülər. Yorğun olduğumuz üçün yeməyə bir qədər həvəssiz girişdiyimizi görən ev sahibi əl-ayağa düşdü: “Süfrədə gördüyünüz nə varsa, hamısı öz həyətimizin məhsuludur. Ürəklə yeyin”.

Söhbət əsnasında ağsaqqaldan alış-veriş məqsədilə Gürcüstana niyə getmədiklərini soruşdum. Cavabı belə oldu: “Sərhədi o taya keçənlər əsasən pampers gətirirlər. Pamperslə bala saxlamaq olmaz”.

...Çoxdan bəri ilk dəfəydi xoruz səsinə yuxudan ayılırdım. Həyətdə mal-qaranın, qoyun-quzunun səsi bir-birinə qarışmışdı. Toyuq-cücə Kür qırağında özünə yem axtarırdı. Qonaq otağındakı masanın üstü yenə naz-nemətlə dolu idi. Allah-Təala bu zəhmətkeş insanlardan öz ruzusunu əsirgəməmişdi...

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...