Zülmə qatlanmaq xalqın işi, bəs hökumətin işi nə?

Zülmə qatlanmaq xalqın işi, bəs hökumətin işi nə? Kasıbçılıqdır. Hər sarıdan. İşsizlik, pul qıtlığı, bahalıq da yerli-yerində. Ölkədə 5 aydan bəri maaş verə bilməyən müəssisələr var. Banklar xarici valyuta satmaqdan imtina edib. Xarici ölkələrdən böyük kreditlər almaq təlaşında olan hökumət də başını itirib, deyəsən. Dünən böyük xarici borclarımızın üstünə 500 milyon da gəldi. Nə deyək, gəlsin, bu yarıtmaz hökumətin qara hesablarını ödəmək boynumuzun borcudur, görünür. Belə susqun, etirazsız, başıaşağı toplumu bu qədər yükləyərlər də, əzərlər də. Marketlərə, bazara, dükana girincə, bağrınız yarılmasın. Necə olsa, bu bahalaşmada öz payınız da var. Ərzaq zənbilinizi yüngülləşdirən, cibinizi boşaldan, süfrənizi yoxsullaşdıran bahalaşmada. Güzəranınızı ağırlaşdıran, əhvalınızı qarışdıran, dəyərinizi ucuzlaşdıran bahalaşmada. Bir xalq olaraq buna yol verməməliydik. Nəyin bahasına olursa-olsun… Amma susmaq, itaət göstərmək, dözüb durmaq yolunu seçdiniz. Səbrinizə heyranam…

“Neft-qaz ölkəsiyik”. İndi bu cümləni bütün tarixi mənbələrdən silmək istəyir adam. Hansı neftdən və qazdan söhbət gedir? Harda, kimə bir faydası toxundu ki, onların? Kimin yırtığına yamaq, corabına yumaq oldu ki? Kimin xəstə övladının dərdinə, yaralı əsgərinin yarasına, əlil qazisinin ağrısına dərman oldu, axı? Əvvəllər çalışdığım neft şirkətinə Qarabağ qazilərindən xeyli məktub gəlirdi. Məktubların çoxunda xarici ölkədə müalicə almaq üçün yardım xahiş olunurdu. Nə qədər ağrılı olsa da, onların hamısına “yox” cavabı yazılırdı. Çünki xarici şirkət bu məsələni birbaşa hökumətin vəzifəsi saydığından, onu sosial proqramlara daxil etməmişdi. Ancaq sosial proqramların nə faydası olurdu ki? Əslində, tam sağlam ideyalar üzərində qurulan və regionlarda əhalinin məşğulluq imkanlarına xidmət etmək niyyəti güdən bu layihələr son nəticədə yenə yerli mafiozların əlinə keçirdi. Yerlərdə icra hakimiyyətlərinin adamları əhaliyə dəstək məqsədi ilə açılan neçə belə müəssisəni-quşçuluq fabrikini, süd emalı sexini, tərəvəz yetişdirilən istixanaları sonradan qamarlayıb özününküləşdirib, bilsəniz. Bu haqsızlıqdansa, həmin layihələrə xərclənən yüz minlər 30-40 qazinin həyatını yüngülləşdirsəydi, daha ədalətli olmazdımı? Xarici iş adamlarına bunu anlatmaq müşkül məsələdir. Çünki o, öz iş prinsiplərini qlobal baxışlar üzərində qurur və inadla “hökumətlərin işini görmək bizim işimiz deyil” deyir…


Xülasə, bu neft-qaz olmadı, başımıza bəla oldu. Milyardlar eyforiyası ilə keçən 20 il arxada qaldı. O milyardlardan bu millətin qazanında bir şey qaynamadı, ocağı isinmədi, yuvası qızınmadı. Elə beləcə soyuq-soyuq keçib getdi o 20 il. Qazanan bir ovuc adam şişib dama döndü, ölkə insanı da güvəniləcək bir hökumətin həsrətini çəkə-çəkə yolun sonuna gəldi. Dünənə kimi “qaz belə, qazan belə”, “bağ belə, bostan belə” deyib lovğa-lovğa sinəsinə döyənlər indi əskiklərini işığın, qazın qiymətini qaldırmaqla örtmək istəyir. Adamlar düşünür ki, büdcənin boşluğunu doldurmaq xalqın işidir. Yük dartmaq, qıtlığa alışmaq, çətinliyə dözmək, zülmə qatlanmaq da həmçinin. Bəs bu hökumət necə, öz işinin, öz missiyasının nədən ibarət olduğunu anlayırmı, görəsən? Mən 23 ildə bu suala cavab tapa bilmədim, amma anlamadığına getdikcə daha əmin oluram…

Mənbə: Azadliq.info
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...