Şef olmaq yoxsa kişi olmaq?

Şef olmaq yoxsa kişi olmaq?

Aysel Abdullazadə yazır:

Yaşadığım əraziyə yaxın gözəl bir yer var. Ətirli çayı, dadlı yeməkləri və həzin musiqi ilə bir az qaranlıq ortam... Darıxınca, insan görmək istədiyimdə oraya gedərəm, xüsusi yerim də var, lap yuxarıda küncdə iki nəfərlik bir masa. Həmişə orada əyləşərəm. O masadan bütün məkan, adamların gediş-gəlişi aydın görünər. Müşahidələri sevirəm, insanlarda gözəlliklər və qüsurları izləmək təcrübə qazandırır.



Bir gün evdə yazılarla məşğul idim. Başımı qaldırdım ki, axşamçağıdır, yorğunam. Düşündüm, həmin bu məkana gedib bir stəkan çay içim, həm də insanlar görmüş olaram, havam dəyişər. Hazırlaşıb evdən çıxdım, sevdiyim bu məkanın yolunu tutdum. Narın yağmurlu bir axşam idi. Həminki masa boş idi. Keçib həmişəki yerimdə əyləşdim, çay sifariş edib insanlara baxmağa başladım.

Ailələri, sevgililəri, yağmurdan gizlənmək üçün gələn adamları seyr edirdim. Soyuq havada isti çay ətrafında maraqlı söhbət edən adamlar, deyib-gülən dostlar vardı.

Birdən aşağı mərtəbəyə gözüm sataşdı. Əlində qalın üzlüklü bir qara dəftər olan adam içəri daxil oldu. Bu adamın qapıdan atdığı ikinci addımda bütün çalışanlar ayaq üstə sıraya düzüldü. Adam çalışanlara yaxınlaşıb salamlaşdı, bir az kənarda yerləşən masaya gedib oturdu. Bu adamın arxasınca da, digər çalışanlardan geyimi ilə fərqlənən bir oğlan davam etdi. Əlində dəftərlə gələn bu kişi yəqin, şef idi. Oturduğu masaya həmən bir tort və çay gətirdilər. Şef oturmuş, ayağını digər ayağının üstünə keçirmişdi, qarşısındakı bu cavan oğlanı dinləyirdi. Masanın yanında əlavə stul olmasına baxmayaraq, cavan oğlan əyləşib danışmırdı. Ayaq üstə dayanıb çox ehmallı şəkildə nələrisə izah edirdi. Adam çaydan içərək oğlana arabir suallar verir, cavabına diqqətlə qulaq asırdı. Digər çalışanlar isə arı kimi işləyirdilər bu adamın gəlişindən sonra. Hər masaya tez-tez yaxınlaşıb nə ehtiyac olduğunu soruşurdular.

Deyəcəksiniz, burada qeyri-adi nə var ki? Şefdir gəlib, normal haldır, işin gedişatı haqqında məlumat alır. Diqqətimi çəkən nüans bir az insanlıq qavramı ilə bağlı oldu. Niyə əlimizdə olan vəzifə və ya statusumuzdan istifadə etməyə meyilliyik? Çox yüksəkdə olmağa alışmışıq, nə üçün orta vəziyyəti özümüzə uyğun görmürük, daima yuxarıda olmağı, insanlara oradan aşağıya baxmağı sevirik?

İnsan vəzifədə də ola bilər, maddi cəhətdən digərindən üstün də ola bilər, amma nəticədə hamımız insan deyilikmi?

Şef olmaq, bir məkanın sahibi olmaq orada çalışanları özündən aşağı görmək nə qədər insanlıqdır? Məsələn, xırda bir şey, o cavan oğlan niyə masada əyləşib də fikirlərini elə izah etmirdi? Çünki şefin icazəsi yox idi, o masada özündən aşağı vəzifədə çalışan biri ilə oturmağı özünə sığışdırmırdı. Yaxın olduğum üçün bütün danışıqları eşidirdim. Masada əyləşməsi üçün bir dəfə belə təklif etmədi. Etməzdi də. Çünki onun nəzərində məkan sahibidirsə, qurallar ona görə işləməlidir. Amma bir şeyi unutmuş olmalı, insanlığın bir quralı var: Adam olmaq...

Açığı, çox təsirləndim bu situasiyadan. Əhvalım açılsın deyə gəlmişdim, amma bu fikrin təsirindən bir neçə gün çıxa bilmədim. Bəlkə də o cavan oğlan insan olaraq daha önəmli, daha yüksək statuslara layiq biri idi. Amma nə yazıq ki, olduğu yerdə çalışmağa, masada əyləşmədən həmcinsinin qarşısında dayanıb ona məlumat verməyə məcburdur.

Ən əsası, o da bir kişidir, bəlkə çoxlarından, elə lap o şefin özündən də daha adam bir kişidir. Adam kimi adam olmaq, insanlıqdan uzaq olub da vəzifədə olmaqdan daha şərəflidir!

İnsanlığımızı unutmamağımız diləyilə...

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...