Ailə qura bilməyibsə, analıq hissindən məhrum olmalıdır? - ARAŞDIRMA

Ailə qura bilməyibsə, analıq hissindən məhrum olmalıdır? - ARAŞDIRMA
Aysel Abdullazadə yazır:

Bu mövzu ətrafında geniş araşdırma apardım. Kişilər bir tərəfə, ən əsası, xanımlara müraciət etdim bu sualla: "35-40 yaşlı, hər hansı səbəbdən ailə qura bilməyən, yaxud boşanmış xanımlar analıq hissindən məhrum olaraq yaşamalıdır, yoxsa ana olma haqqına tam sahibdir?"

Qadınların fikri daha önəmlidir, çünki bir qadının digər bir qadına münasibəti və düşüncəsi burada öz əksini tapır. Hər sahədən olan xanımlar (evdar qadın, iş qadını, evli, subay, nişanlı, boşanmış və dul qadınlar) fikir yürütməyə başladılar və aşağıdakı formada individual olaraq fikirlərini bölüşdülər.

Ad olaraq verilməyin önəmi olmadığı üçün onların mədəni halını qeyd edirəm.

1.Subay xanım: Qeyri-rəsmi övlad dünyaya gətirmək, yoldan keçən biri ilə əlaqədə olmaq deməkdir. Ondansa, xeyir iş görüb kimsəsiz uşaqlar evindən övladlığa götürə bilər. Bu da pis qarşılanmaz.

2.Subay xanım: Bizim mentalitet bunu qəbul etmir, təssüf ki.

3.Subay xanım: Əgər sevgi olmadığına və ya başqa səbəbdən ailə qurmağı alınmayıbsa, məncə, qadın məntiqlə sadəcə uşağa görə ailə qurmalıdır. Məncə, buna dəyər, demirəm, yoldan keçən biri ilə evlən, amma məntiqlə lazımdır.

4.Subay xanım:
Birmənalı olaraq yox! Övlad gələcək üçün qarantiyadır, bəyəm? Hər kəs övladı, qocalanda ona baxsın deyə mi gətirir dünyaya? Tək qadın bizim cəmiyyətdə bunu edə bilməz! Qohumundan və ya uşaq evindən götürüb böyütsün.

5.Subay xanım:
Qeyri-rəsmi övlad o deməkdir ki, kimləsə yatırsan, kim gəldi əlaqədə olursan, təki uşaq olsun. Ondansa övlad xətrinə sevmədən də ailə qursun, nəinki qeyri-rəsmi.

6. Subay xanım: Mənim 28 yaşım var. Mən evliliyə hazır hiss etmirəm özümü.
Mənim üçün mütləq evlənməlidir deyə bir şey yoxdur. Ya da hamının övladı olmalıdır deyə də bir şey yoxdur. Qeyri-rəsmi övlad dünyaya gətirmək istəmərəm. Olarsa, rəsmi olar, olmazsa da, öz qardaşım uşağını götürüb böyüdərəm.

7.Evli xanım: (öyrətmən) Qeyri-rəsmi uşaq dünyaya gətirməkdənsə, yaxın qohumlardan birinin uşağını övladlığa götürə bilər. Biz qadının gələcəyini düşünsək də, həmin uşağın gələcəkdə qarşılaşacağı suallar və ya münasibətlər haqqında da düşünməliyik. Bu hal uşağa psixoloji təsir edə bilər.

8.Evli xanım: Sual doğur - xanımın uşağına soyadını verəcək partnyoru varsa, niyə indiyə qədər evlənməyib? Yox yoxdusa, sperma bankıyla edəcəksə, ümumiyyətlə pisdir. Gəlin, özümüzü aldatmayaq, bura Azərbaycandır, heç kim normal qarşılamayacaq. Gərək, nə qədər əsəbləri sakit adam olsun ki, heç nəyə əhəmiyyət vemədən bunu etsin və ana olsun.

9. Evli xanım: Mentalitet sürü psixologiyası ola bilər, amma tək qadının dünyaya uşaq gətirməyi heç də yaxşı şey deyil. Tək qadın 40 yaşında uşaq doğdu, 20 ildən sonra o uşağa nə verə biləcək? O uşaq da özü kimi kimsəsiz olacaq.

10.Evli xanım: Mən 35-40 yaşımda ailə qurmamış olaraq qalsaydım, bunu edərdim. Ancaq süni mayalanma yolu ilə bunu gerçəkləşdirərdim. Atasını da tanımazdım, rahat olardım. Tanısam, şeytan azdırar, insanam, nə vaxtsa üstünə gedə bilərəm. Amma buna əminəm ki, belə bir şey yaşasaydım, mütləq bu şəkildə ana olardım. Özümü bu hissi yaşamaqdan məhrum etməzdim.

11. Subay xanım: 40 yaşdan yuxarı xanımlarda bu problem aktualdır. uşaq götürüb böyüdə bilər. Ya da bir kişinin imam nikahlı arvadı olaraq qəbul edib, uşaq dünyaya gətirə bilər.

12.Subay xanım: Mənim ağlıma süni mayalanma gəldi. Qadın, həqiqətən, analıq hissini ilk həftələrdən hiss etmək istəyirsə, məncə, bu yol daha uğurludur.

13.Evli xanım: Özü üçün uşaq doğmaq, uşağa haqsızlıqdır. Atasız uşağa çox çətin olar. Əgər ata rəhmətə gedibsə, uşaq bunu bilir, amma atasının kim olduğunu bilməmək, onunla ünsiyyəti olmaması psixoloji sorunlar yaradacaq.

14. Evli xanım: (iş qadını) O yaşda qadın ailə qura bilməyibsə, əlbəttə, övlad sahibi olmalıdır. Niyə də yox?! Öləndə ağzına bir qab su tökəni olsun. Ana olmaq dünyanın ən gözəl hissidir. O hissi niyə yaşamamalıdır ki? Niyə bir uşağa tərbiyyə, təhsil verməsin? Əgər heç bir problemi yoxdursa, doğan qarnı varsa, niyə də o, özü doğub, o hissi yaşamamalıdır? Bunu ya eko, ya da yaxşı bir donor tapıb edə bilər. Mən heç bir halda qınamıram o şəxsi, zaks filan mənasız bir şeydir bu situasiyada. Mentalitet qavramı da həmçinin. Bir insanın arxasından bir müddət danışacaqlar, qoy, danışsınlar. Anaya qalan övladdır. Lap elə özü üçün lazımdır, hər insan özünü düşünməlidir. Qohum-əqrəba, ata-ana, qardaş-bacı hamı özü üçündür, heç kim də dünyanı tutub durmur. Tək qalan yenə özün olursan. Mən də şəxsən o yaşıma qədər qalsaydım və ailə qura bilməsəydim, mütləq, heç fikirləşmədən bu cür ana olardım. Heç kim yaxşı qarşılamasa belə, lazım gələrsə, hamıdan kənara çəkilib övladımı böyüdüb xoşbəxtliyimdən, analıq hissimdən zövq alardım. Ana olmaq möhtəşəm bir duyğudur.

15.İş qadını: Mənim iş yoldaşımın 40 yaşı olacaqdı. Bir dəfə ailə qurub və ayrılıb. Bir kişi ilə kəbin kəsdirdi. Hamilə qaldı. Öncədən kişiyə demişdi ki, mənə sənin heç nəyin lazım deyil. Bütün ehtiyaclarını özü ödəyirdi. Və uşaq dünyaya gətirdi. Dedi, bu uşağı özüm üçün doğuram.
Böyük bir kollektivdə çalışırdıq. Heç kim də ona pis baxmadı, gələcəyini düşündü və etdi.

16. Evli xanım: (işləyir) Mən çox normal baxıram. Elə deyirlər ki, atasız olacaq. Guya, bütün yanında əri olanlar yüksək səviyyədə uşağa baxır? Ümumiyyətlə, bizdə cəmi 10% normal şəkildə uşağa baxılır. Əgər qadının uşağa verəcək həm maddi, həm mənəvi gücü varsa, ana olmağa da, uşaq doğmağa da tam haqqı var. Hər yanında kişi olanın uşağı mükəmməl olur deyə bir şey də yoxdur.

17.Boşanmış xanım: (işləyir) Hər bir qadının ana olmaq haqqı var. Ola bilsin, o qadın müəyyən səbəblərə görə ailə qurmayıb. Amma bu o demək deyil ki, qadın ərdə deyilsə, onun övladı olmamalıdır. Bu gün Azərbaycan mentalitetinə qurban gedən çoxlu sayda qadınlar var. Həmin qadınların bu gün 40-dan artıq yaşları var. Və onlar zamanında ana olmadıqları üçün çox peşmandılar. Çünki bu gün onlar cəmiyyətdə tək yaşayırlar. Nə qədər deyilsə ki, ana-ata, qardaş-bacı var. Amma unutmaq lazım deyil ki, insana yaxın və ona dayaq olan övladdır.
Heç bir ailəli qadın sabah başına nə gələcəyindən sığortalanmayıb. Ola bilsin, ailəli qadın ya boşansın, ya da əri ölsün. Belə olan halda qadın uşağı tək böyütməli olur. Elə ailələrdə var ki, qadın ərdədi. Lakin o qadının yoldaşı uşaqlarına baxmır. Yük yenə də qadının üzərinə düşür.

18.Boşanmış xanım:(işləyir) Məncə də, ana olmaq hər bir qadının haqqıdır. Kimlərinsə nöqteyi-nəzərini fikirləşməyin mənası yoxdur. Əgər bir qadının kimdənsə asılı olmadan imkanı, şəraiti varsa, elə bu gündən bu haqda fikirləşməlidir.

19.Subay xanım: Tam səmimi fikrimdir, ərə getməsəm, mütləq, bir övlad dünyaya gətirməyi düşünürəm. Analıq hissini yaşamamış bu həyatdan köçmək fikrim yoxdur. Kim nə düşünür, düşünsün. Önəmsəmirəm.

20. Subay xanım: Dünyaya uşaq gətirib ona əsl ana olmağın nəyi pisdir ki? Guya, boşanan qadınların uşaqları atasız böyümür? Onları ataları atır, bunda isə razılaşıb evlənib sonra ayrılmaq da olar. Boşanandan sonra övladına aliment verməkdən boyun qaçıran minlərlə "ata"lar var. O qadın, bəlkə də, elə atalardan min dəfə yaxşı ana olacaq. onun da ana olmaq haqqı var.

Bax belə... Xanımların mövzu ilə bağlı fikirləri bu cür oldu. Kişilərlə bunu müzakirə etmək çətin olar düşüncəsindəyəm. Sual vermək belə, ondarda neqativlik yaradacaq (istisnalarla). Amma bunu da yoxlayacam, bu sualla kişilərə də müraciət edəcəyəm.

Ana olmaq, qadın üçün ona verilmiş ən ülvi və ali hissdir. Bu, məhz, qadına Yaradanın sunumudur. Ailə çərçivəsini insan özü yaratmalıdır, mütləq deyil ki, əlli min pul xərcləyib, toy-düyün edib, min nəfəri başına toplayıb evliliyini bəyan edəsən. Kəbin varsa (zina olmamaq məqsədli) və bir insanla övlad dünyaya gətirmək üçün qurulan münasibət normaldır. Buna eqoist və cahil çalarlarla "yoldan keçən" anlamını yükləyib, məğzdən uzaqlaşdırmayaq. Yoldan keçənlə münasibət quranların, zatən, ana olmaq kimi həvəsləri və maraqları da yoxdur.

Bu cəmiyyət üçün bir uşaq doğub, onu böyüdüb, tərbiyə və təhsil verib, topluma yararlı vətəndaş yetişdirmək bir qadının uğurudur. Boşandıqdan sonra aliment ala bilmək üçün məhkəmələrdə dolaşan qadınlar, övladına soyadını belə verməkdən imtina edən "atalar" və toylu-düyünlü evliliklərin sonunu görmüşəm. Hər şey insan fikrinin təmizliyindən və özəl təməlindən asılıdır.

Hər qadın ana olmağı haqq edir.

Anlayan anladı... Başqa yönə çəkmək istəyənlərə isə sadəcə düzgün və eqosuz bir zəka diləyirəm.

Sayğılarla...

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...